İşğal altındakı rayonlardan olan çağırışçılar hərbi xidmətə yola salındı

Bakıda işğal altında olan rayonların hərbi çağırışçılarının hərbi xidmətə yola salınması mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov iştirak ediblər.

 

General-mayor Novruzəli Orucov bildirib ki, iyulun 1-dən ölkə prezidentinin çağırışla bağlı sərəncamının icrasına başlanıb: “Çağırış yüksək səviyyədə davam edir və çağırışdan yayınma halları yoxdur. Bu gün məcburi köçkün rayonlarından olan çağırışçılarda daha böyük ruh yüksəkliyi var”.

 

Hərbi xidmətə yola düşəcək gənclər də bu günün onların həyatında xüsusi önəm daşıdıqlarını bildiriblər.

 

Etibar İslamlı: "Bu gün illərlə gözlədiyim bir gün idi. Mən hərbi xidmətə gedirəm. Əsas vəzifəmiz odur ki, Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirək. Azərbaycan xalqına, Azərbaycan ordusuna Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət edəcəyəm".

 

Qaçay Səmədli: "Torpaqlarımızı hər zaman atamın, anamın, babalarımın dediyi ilə görüb sevmişəm. Qismət olarsa, torpaqlarımızı görüb şahid olarıq, ya da torpaq uğrunda ölüb şəhid olarıq".

 

Qeyd edək ki, bu gün işğal altında olan 4 rayon üzrə 150 nəfər gənc hərbi xidmətə yola salınıb. 

Müəllif | Apa.Tv