Bayram Səfərov: "Ermənistan rəhbərliyi görüş üçün heç bir şərait yaratmadı"
“Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması ilə, daha doğrusu, sadə, əli qana bulaşmayan ermənilərlə görüşək, amma alınmadı”.
APA TV-nin məlumatına görə, bunu "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Bayram Səfərov bildirib ki, Ermənistan rəhbərliyi görüş üçün imkan yaratmayıb: “Bu görüşün baş tutması üçün Ermənistan tərəfi heç bir şərait yaratmadı. Biz isə imkan olduqca əzəldən Dağlıq Qarabağda yaşayan ermənilərlə danışıq aparmaq istəyirdik”.
Bayram Səfərov əlavə edib ki, hazırda Ermənistanda baş verən hadisələr beynəlxalq media tərəfindən yetərincə işıqlandırılmır. O hesab edir ki, kütləvi informasiya vasitələrinin çoxu sanki bu hadisələri görmür. Bu da bir daha əminlik yaradır ki, ikili standart və ədalətsizlik var.