Bakıda GUAM Rəhbəredici Komitənin 22-ci iclası keçirildi

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Ofisində GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 22-ci iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə GUAM üzvü olan Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın nümayəndə heyətləri iştirak ediblər.

 

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qonaqları salamlayaraq, ötən ay Bakıda keçirilən I Avropa Oyunlarından sonra GUAM tədbirinin Bakıda keçirilməsinin qürurverici olduğunu deyib. I Avropa Oyunlarında iştirak edən GUAM ölkələrinə və onların idmançılarına təşəkkür edən komitə sədri son illər Azərbaycan gömrük xidmətində həyata keçirilən işlərdən danışıb.

 

Onun sözlərinə görə, yüklərin sərhəddən rahat keçirilməsi üçün bu gün ən yüksək  tələblərə uyğun və ən son texnika ilə təchiz olunmuş mərkəzlər istifadəyə verilib. Bu gün artıq belə mərkəzlərin sayı 8 ədəddir və gələcəkdə daha 2 belə mərkəz yaradılacaq. Bu mərkəzlər məhsulların daha təhlükəsiz və sürətli keçməsinə imkan yaradacaq: "Artıq GUAM ölkələri arasında nəqliyyat vasitələrində sərhəddən keçirilən malların qabaqcadan informasiyanın hər ölkə arasında ötürülməsi ilə barədə protokol imzalanıb. Eyni zamanda demək olar ki, yekun bir mərhələdəyik, burada müzakirə olunan növbəti protokol ümidvarıq ki, növbəti iclasda imzalanacaq. Bu protokol müxtəlif gömrük prosedurlarının digər ölkələrdə tanınması ilə bağlıdır".

 

GUAM-ın baş katibi Valeri Çeçelaşvili də bu yaxınlarda Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının və bugünkü tədbirin əhəmiyyətindən danışıb: "Artıq Azərbaycan təkcə GUAM üçün deyil, bütövlükdə region üçün əhəmiyyətli dövlətə çevrilib".

 

Qeyd edək ki, iclasda GUAM Ticarət və Nəqletməyə Yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbəredici Komitənin 21-ci iclasının protokolunun, eyni zamanda sözügedən layihənin üzv ölkələrdə icrası ilə bağlı hesabatlar təqdim olunub.

 

İclasın sonunda isə Rəhbəredici Komitənin 22-ci iclasının protokolunun müzakirəsi və imzalanması keçirilib. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova