"The Washinghton Times": Rusiya Yunanıstana yardım göstərsə, NATO-da müttəfiq qazanacaq
"Əgər Afina avropalı kreditorlarla dil tapmasa, üzünü Moskvaya çevirəcək və bu, həmin andan başlayaraq Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün problemə çevriləcək".
APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın "The Washinghton Times" qəzetində dərc edilən məqalədə bildirilib.
Qeyd olunur ki, yunan böhranının aradan qaldırılması prosesində fəaliyyətsizlik göstərən Obama administrasiyası bir məsələni nəzərdən qaçırır: əgər hazırkı vəziyyət Avropa İttifaqının ssenarisi ilə gedərsə, Rusiya regionda nüfuzunu gücləndirəcək və Avropa xalqlarının Avropa İttifaqı və NATO kimi regional institutlarına inamı itəcək.
"Ağ Ev bir çox vacib məsələlərə müdaxilədə gecikir. Vaşinqtonun başı hazırda Kuba ilə münasibətlərin yaxşılaşdırılmasına və İranın nüvə proqramının həlli bağlı uğurlu nəticənin əldə olunmasına qarışıb" - deyə məqalə müəllifi, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Henri Nay qeyd edib.
Onun fikrincə, Obama administrasiyası Yunanıstan məsələsində daha operativ addımlar atmalı idi, amma bu olmadı. Əvəzində Rusiya fürsətdən istifadə edib bu NATO ölkəsi ilə münasibətləri yaxşılaşdırdı.
"Afinaya maliyyə yardımı göstərməsi Moskvaya Yunanıstanın yerləşdiyi bölgədə bütün portlara geniş çıxış imkanı verəcək. Bundan əlavə, Rusiyanın NATO-da müttəfiqi yaranacaq və bu müttəfiq qurumdakı bütün anti-Rusiya qərarlarına qarşı çıxacaq. Unutmaq lazım deyil ki, alyansda belə qərarlar yekdilliklə qəbul olunur".