34 il həbsdə olan şəxsdən külli miqdarda narkotik aşkarlandı

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 5 dəfə məhkumluq həyatı yaşayan 55 yaşlı Çingiz Abdullayev saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, şöbədə Abdullayevin üzərinə baxış keçirən polis ondan 11 kibrit qutusu marixuana götürüb. Həmçinin onun Dəllər qəsəbəsindəki evindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

 

Baş müstəntiq Pakizə Quliyevanın dediyinə görə, onun yaşadığı ünvandan 42 kibrit və sellofan torbada ümumi çəkisi 2 kiloqram 888 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

 

Saxlanılan Cingiz Abdullayev marixuananı yol kənarından topladığını və məqsədinin narkotikə olan ehtiyacını ödəmək olduğunu deyib: "Zəyəm qəsəbəsində yolun kənarından yığmışdım. 10 qutu götürüb cibimə qoydum ki, yavaş-yavaş istifadə edim. Amma bu mənə qismət olmadı".

 

Qeyd edək ki Çingiz Abdullayev əvvəllər xuliqanlıq, oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün ümumilikdə 34 il məhkumluq həyatı yaşayıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli