MDB parlamentariləri seçkini müşahidə edəcəklər
MDB Parlament Assambleyası oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. APA TV xəbər verir ki, qurumun müşahidə qrupunun koordinatoru tərəfindən nümayəndə heyətinin rəhbəri Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Slutskiy təyin edilib. 30 nəfərdən ibarət heyətin tərkibində 7 birlik ölkəsindən parlament üzvləri, ekspertlər, alimlər təmsil olunur. Müşahidəçilər namizədlərin qeydə alınması, seçkiqabağı fəaliyyət, seçki orqanının və aidiyyatı dövlət orqanının seçki ilə əlaqədar işinə nəzarət edəcəklər. Uzunmüddətli və qısamüddətli monitorinq zamanı qrup üzvləri dairə və məntəqə seçki komissiyalarına baş çəkəcəklər, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, profil üzrə hakimiyyət orqanları, prezidentliyə namizədi irəli sürülmüş siyasi partiya rəhbərliyi, seçki prosesini izləyən vətəndaş cəmiyyəti, KİV və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcəklər. Seçki günü müşahidəçilər seçki məntəqələrinin açılışında iştirak edəcəklər, səsvermə prosesini, bülletenlərin hesablanmasını və nəticənin elan olunmasını izləyəcəklər. Monitorinqin nəticəsində müşahidə qrupu bəyanat hazırlayacaq və seçkidən sonrakı gün ictimaiyyətə elan edəcək. Xatırladaq ki, MDB Parlament Assambleyasının seçki müşahidə missiyası Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun avqust ayında həmin quruma göndərdiyi xüsusi dəvət əsasında Azərbaycandakı prezident seçkilərini müşahidə edəcəklər.