Bəhram Xəlilov: "Dövlət qulluğu ilə bağlı apelyasiya komissiyasına heç kim müraciət etmir"
“İl ərzində etik davranış qaydalarının pozulmadığını deyən dövlət qurumlarına şübhə ilə yanaşırıq”. APA TV-nin xəbərinə görə, bunu Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Komissiya sədri bildirib ki, etik davranış qaydaların pozulduğu dövlət qurumlarının siyahısı ümumiləşdirilir: “Etik davranış qaydalarının daha çox pozulduğunu açıqlayan qurumları dəstəkləyirik. Bu onu göstərir ki, orada etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır. Elə dövlət qurumları var ki, onlar il ərzində bir dəfə belə olsun, etik davranış qaydalarının pozulmadığını bildirir. Təbii ki, biz buna şübhə ilə yanaşırıq”.
Bəhram Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqlarını nəzərə almaqla obyektiv və tam şəffaf qəbul prosesi həyata keçirilir. Burada başqa heç bir meyar nəzərə alınmır.
Onun sözlərinə görə, müsahibə komissiyalarına müstəqil ekspertlər daxil edilib: “Xüsusilə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri şəxsən vətəndaşın vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmamasına qərar verirlər. Biz müsahibələrin videoçəkilişini də aparırıq. Bütün çəkilişlər arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından, subyektiv məqamlar var. Video çəkiliş isə bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda biz o çəkilişlərin əsasında araşdırmalar aparırıq. Bizdə apelyasiya komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müraciət edə bilər. Təəssüf ki, heç kim müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır”.
Qeyd edək ki, bu gün Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramının və Dövlət Qulluğu sahəsində Regional Xabın birgə təşkilatçılığı ilə baş tutub.