Rusiya Srebrenitsa qətliamının soyqırımı kimi tanınmasına veto qoydu

BMT Təhlükəsizlik Şurasının iyulun 8-də keçirilən iclasında 20 il əvvəl Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində müsəlmanların kütləvi şəkildə öldürülməsinin soyqırımı kimi tanınması haqqında qətnamə layihəsi səsverməyə çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, Böyük Britaniya tərəfindən təklif olunan qətnaməyə Rusiya tərəfindən veto qoyulub.

 

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, qətnamənin bu şəkildə qəbul olunması regiondakı vəziyyəti gərginləşdirə bilər.

 

Qeyd edək ki, dünən Bosniya və Herseqovinada Srebrenitsa qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ənənəvi illik "Sülh uğrunda marş" başlayıb. Mərasimə iyulun 11-də Srebrenitsada yekun vurulacaq. Tədbirdə Serbiyanın baş naziri Aleksandr Vuçiçin də qatılacağı gözlənilir. O bəyan edib ki, Serbiyanın qurbanlar qarşısında baş əyməyə hazır olduğunu göstərməyin vaxtı çatıb.

 

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində ən azı 8300 bosniyalı müsəlmanı qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır. Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun Srebneritsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib.

 

Müəllif | Apa.Tv
Apa.tv