Gəncədə idman müəllimini maşın vurdu

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

 

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 8-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Novruzov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, Gəncə Olimpiya İdman Kompleksinin müəllimi, 1983-cü il təvəllüdlü Ramil Daşdıyevi vurub. Ramil Daşdıyev xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

 

Gəncədə daha bir yol-nəqliyyat hadisəsi isə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. "VAZ-2107" markalı maşınla “İsuzu” markalı sərnişin avtobusunun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1987-ci il təvəllüdlü Xaliq Yusifov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma gedir.

Müəllif | Apa.Tv
Apa.tv