Göyçayda həkim xəstəxananın həyətindəki hovuzda boğuldu
Göyçay Mərkəzi Rayon Xəstəxanasının həyətində meyit tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında qeydə alınıb.
Göyçay şəhəri, Sabir küçəsi-16 ünvanında yaşayan, 1961-ci il təvəllüdlü Mehman Arif oğlu Məmmədov xəstəxananın həyətindəki su hovuzuna düşərək köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb.
Göyçay Mərkəzi Rayon Xəstəxanasında və "Bioloji Təbabət" Klinikasının Göyçay filialında həkim rentgenoloq işləyən Mehman Məmmədovun meyiti bu gün səhər saat 9:00 radələrində sudan tapılaraq çıxarılıb. Suda boğulan həkimin üzərində ilkin yoxlama zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Onun qəbul etdiyi spirtli içkinin təsiri səbəbindən ehtiyatsızıq edərək su hovuzuna düşüb boğulduğu ehtimal edilir. Həkimin düşdüyü hovuzdan spirtli içki şüşəsi də tapılıb. İki uşaq atası olan və 20 ildən çoxdur ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasında həkim işləyən Mehman Məmmədovun ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.