Hacıqabulda qardaşın bacını öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hacıqabul rayon prokurorluğu 18 yaşlı Mingəçevir sakininin 17 yaşlı bacısını qətlə yetirməsi ilə əlaqədar açıqlama yayıb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov bildirib ki, hadisə iyulun 5-də səhər saat 5.00 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində baş verib.

 

Onun sözlərinə görə, 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Namaz Mobil oğlu Hadıyev qısqanclıq zəminində 1998-ci il təvəllüdlü bacısı Gövhər Mobil qızı Hadıyevaya çoxsaylı bıçaq zərbələri yetirərək qəsdən öldürüb, sonra meyitin üzərinə benzin tökərək yandırıb.

 

Qeyd edək ki,  38 bıçaq yarası olan yanmış  meyit  iyulun 8-də  Bakı-Qazax magistralının kənarında - Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə aşkarlanıb.

 

Qətlə yetirilən  Gövhər Hadıyevanın bir il əvvəl evlərindən çıxdığı, Bakıya gəldiyi və bir daha geri qayıtmadığı bildirilib. O, bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G.Hadıyeva qardaşına deyib ki, evdən qaçdığına görə çox peşmandır, bağışlanılmasını və evə qayıtmasına icazə verilməsini istəyir. Namaz bacısına onu bağışladığını deyib. Bundan sonra Gövhər evə qayıtmağa pulunun olmadığını deyərək Bakıda, Biləcəri qəsəbəsində olduğunu söyləyib. Namaz Hadıyev Bakıya gələrək bacısı ilə Biləcəridə görüşüb və taksi tutaraq Mingəçevirə yollanıblar. Yolda Namaz taksi sürücüsü ilə qəsdən mübahisəyə girişib və Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində sürücüdən maşını saxlamağı tələb edib. Sürücü ilə hesablaşandan sonra onun ərazidən uzaqlaşmasını gözləyib.

 

Taksi gözdən itəndən sonra isə Namaz Hadıyev cibində gizlətdiyi bıçağı çıxararaq bacısına hücum edib. Onu öldürdükdən sonra meyitin üzərinə kol-kos yığaraq yandırıb və heç nə olmamış kimi Bakıya gəlib. Lakin gözü önündən bacısının yalvarışları, ondan aman diləməsi səhnəsi çəkilməyib. Qətldən iki gün sonra polisə müraciət edən N.Hadıyev törətdiyi əməli etiraf edərək, üzərindən namus ləkəsini təmizlədiyini söyləyib. 

 

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayəti işi  başlanıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv