Azərbaycanlı azarkeşlər “Qəbələ” - “Dinamo” matçında pankartlar açdılar - YENİLƏNİB
Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində iyulun 9-da “Qəbələ” - “Dinamo” (Tiflis) matçı keçirilib.
APA TV-nin xəbərinə görə, Gürcüstanda məğlub olan Roman Qriqorçukun yetirmələri doğma stadionda 1:2 hesablı məğlubiyyətin əvəzini çıxıblar.
Komandamız rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Görüşün başa çatmasına 1 dəqiqə qalmış Sergey Zeynov hesabı açıb, əlavə edilmiş 3-cü dəqiqədə isə Aleksey Antonov fərqi 2 topa çatdırıb.
“Qəbələ” rəhbərliyi ilk matçda azarkeşlər arasında baş verən insidenti nəzərə alaraq, ehtiyatlı davranıb. Belə ki, meydanda qapılardan birinin arxasındakı sektor boş saxlanılıb. Ora lent bağlanıldığı üçün həmin sektora fanatlar buraxılmayıb.
Qeyd edək ki, bu komandaların Tiflisdə keçirilən birinci qarşılaşmasında “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayıb təhqir etmişdilər. Onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar. Bu dəfə isə “Qəbələ” azarkeşləri isə Azərbaycan xəritəsini özündə əks etdirən plakat asıblar. Yerli azarkeşlər həmçinin “Borçalı Azərbaycanındır”, “Sarvan! No Marneuli”, “Bostandere! No Rustavi”, "Garatepe! No Gardabani!" və “Choruk Gemerli! No Bolnisi!” pankartlarını açıblar. Lakin polislər müdaxilə edərək, pankartları yığışdırıblar. Azarkeşlər həmçinin tarixi Azərbaycan torpaqlarının əksini tapdığı xəritə də açıblar.