“Neftçi” Avropa Liqasında mərhələ adlaya bilmədi
“Neftçi” Avropa Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi I təsnifat mərhələsinin cavab oyununda “Mladost”la qarşılaşıb.
"Neftçi" oyuna fəal başlasa da, ilk hissədə hesabı açmaq mümkün olmayıb. İkinci hissədə hücumların kəsərini və intensivliyini bir az da artıran "ağ-qaralar" nəhayət 72-ci dəqiqədə istəklərinə çatıblar. Komandanın kapitanı Araz Abdullayev sağ cinahdan fərdi reydini dəqiq zərbə ilə tamamlayaraq hesabı açıb.
Lakin rəqib matça əlavə olunmuş 6 dəqiqənin 1-ci dəqiqəsində hesabı bərabərləşdirə bilib. Bu isə oyunda vurulan son qol oldu.
Qeyd edək ki, hər iki qarşılaşmada bərabərlik (2:2, 1:1) qeydə alınmasına baxmayaraq, səfərdə vurulmuş qolun hesabına mərhələni keçən tərəf Monteneqro təmsilçisi olub.