İran xarici işlər nazirinin müavini: "Məsələ 95 faiz həll edilib"

İran xarici işlər nazirinin müavini Seyid Abbas Araqçı bildirib ki. Tehranla "altılıq" ölkələri arasında nüvə proqramında razılaşmaya mane olan ən böyük səbəb Qərbin ölkəsinə qarşı sanksiyaların götürülməsi məsələsində mövqesizliyidir.

 

APA TV-nin "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, onun fikrincə, başlıca problem silah ixracı ilə bağlı tətbiq olunan qadağadır.


"Əgər Qərb İranla anlaşmaq istəyirsə, bütün qadağaları aradan götürməlidir. İqtisadi və maliyyə sanksiyalarının tətbiqi saziş imzalanan kimi dayandırılacaq. Amma silah ixracı embarqosu məsələsində fikirlər üst-üstə düşmür" - deyə iranlı diplomat əlavə edib.


Onun sözlərinə görə, sanksiyalar mövzusunda məsələ 95 faiz həll edilib, yalnız 2-3 məsələ ətrafında dialoq davam edir. "Əslində bizim üçün silah embarqosunun saxlanılıb-saxlanılmaması elə də önəmli deyil. Amma prinsipiallıq öz sözünü deyir. Şərtlərə görə, sanksiyalar bütün sahələr üzrə ləğv olunmalıdır" - deyə Araqçı bildirib.


Bu arada Qərbin İrana qarşı "psixoloji müharibə" apardığı, danışıqların baş tutmamasına çalışdığı və bunda İranı günahlandırmağı planlaşdırdığı iddia edilir. Tehran isə bu məsələyə görə qarşı tərəfi tənqid edib. İran nümayəndə heyətinin danışıqlarda iştirak edən, ad açıqlanmayan üzvü məsələyə münasibət bildirib. "Onların mövqelərində dəyişiklik sezilir, bu, xüsusilə iyulun 7-dən sonra hiss olunmağa başlayıb. Onlar ayrı-ayrılıqda  "qırmızı xətlər" çəkməyə başlayıblar".

Müəllif | Apa.Tv
Apa.tv