Goranboylu şəhidin medalı ailəsinə təqdim edildi

Goranboy rayonundan olan şəhid Etibar Xüdavi oğlu Kazımovun ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ailəsinə verilib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, rayon Gənclər Evində baş tutan tədbirdə Müdafiə Nazirliyinin, “N” saylı hərbi hissənin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin təmsilçiləri, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, idarə və təşkilatlardan nümayəndələrin iştirak  ediblər.

 

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani şəhid Etibar Kazımovun qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. Qeyd edilib ki, cəbhədə qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Etibarın rəşadəti hər kəs üçün örnək olmalıdır, çünki Vətən, torpaq hər şeydən ucadır və onu qorumaq hamının müqəddəs borcudur. Ölkəmizin hərbi-siyasi qüdrəti belə deməyə əsas verir ki, tezliklə ərazi bütövlüyümüz bərpa ediləcək, yağı düşmənin əsarətində olan torpaqlarımız işğaldan azad olunacaq. Şəhid ailələri, müharibə veteranlarına dövlət qayğısı xüsusi vurğulanıb. Sonra şəhidin anası Elmira Kazımovaya şəhidin ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib.

 

İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev isə Müdafiə Nazirliyi tərəfindən rayonda yaşayan şəhid ailələrini və veteranları daimi diqqətdə saxladığına görə veteran həmrəyliyi medalı ilə təltif olunub.

 

Qeyd edək ki Goranboy rayonundan torpaqlarımızın azadlığı uğurunda 285 nəfər şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv