Neftçala və Sabirabadda Tibbi-Sosial Ekspert komissiyalarının yeni inzibati binalarının açılışı olub

Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin Neftçala və Sabirabadda Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) üçün müasir iş şəraiti və yeni tibbi avadanlıqlar istifadəyə verilib.

 

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazirliyin Şirvan, Hacıqabul, Sabirabad rayonları üzrə 33 saylı Sabirabad və Salyan, Neftçala rayonları üzrə 35 saylı Neftçala Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) müasir tələblərə uyğun iş şəraiti və yeni tibbi müayinə avadanlıqları ilə təmin olunub. Komissiyaların inzibati binalarında vətəndaşların qəbulu, onlara tibbi-sosial ekspertiza xidməti göstərilməsi, əlillik müayinələrinin aparılması üçün müasir tələblərə cavab verən şərait yaradılıb.

 

Yeni iş şəraitlərinin istifadəyə verilməsi tədbirlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov TSEK-lər tərəfindən əhaliyə göstərilən xidmətin təkmilləşdirilməsi yönündə aparılan işlər barədə danışıb. Xidmət rəisi bildirib ki, yaradılmış yeni elektron informasiya sistemi vasitəsilə əlillik müayinəsi üçün lazımi sənədlərin, göndəriş formalarının elektron mübadiləsi təmin edilib. Həmçinin ilkin və təkrar əlillik təyinatları barədə elektron məlumat bazası yaradılıb. Bütün bunlar isə həm kağız daşıyıcılardan istifadənin, həm də əlillik təyinatında vətəndaş-məmur münasibətlərinin məhdudlaşmasına səbəb olub.

 

Qeyd olunub ki, hazırda əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi yönündə də işlər aparılır. Hazırlanan yeni meyarlar əlilliyin müayinəsi zamanı şəxsin mövcud əmək fəaliyyəti potensialının və məşğulluq imkanlarının da müəyyən olunaraq rəsmiləşdirilməsi prinsipini nəzərdə tutur ki, bu da həmin insanın əmək bazarına çıxış və reabilitasiya imkanlarını daha da genişləndirəcək.

 

Qeyd edək ki, hazırda nazirliyin 38 TSEK-i fəaliyyət göstərir və ötən ilin ortalarından etibarən bu vaxta qədər onların artıq 26-da əhaliyə xidmət şəraiti müasir tələblər səviyyəsində qurulub.

Müəllif | Apa.Tv
Apa.tv