Masallıda 39 yaşlı kişi 16 yaşlı gənci ürəyindən bıçaqladı

Masallıda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Xıl kənd sakini, 39 yaşlı Rövşən Əhmədağa oğlu Zamanov şəxsi münasibətlər zəminində Sərçuvar kənd sakini, 16 yaşlı Həmid Bayram oğlu Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Həmid Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Məlumata görə, qətli törətmiş Rövşən Zamanov bir neçə dostu ilə Həmidin işlədiyi yanacaqdoldurma məntəqəsinə gəlib. Onlar avtomobillərinə yanacaq vurdurduqdan sonra ödəniş etməkdən boyun qaçırıblar. Elə mübahisə də bundan sonra qızışıb. Son nəticədə Rövşən bıçağa əl ataraq, yanacaqdoldurma məntəqəsinin 16 yaşlı işçisini ürəyindən vurub.

 

Rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Rövşən Zamanov isti izlərlə yaxalanıb.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv