Nazir: "Bölgələrdə işə qəbul olunan müəllimlərin həvəsləndirmə tədbirləri davam etdiriləcək"

"Müəllimlərin maaşının artırılması ilə bağlı qərar 2015-ci ilin yanvarından tətbiq olunur. Bu qərar artıq yeddinci aydır qüvvədədir. Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin maaşının qaldırılmasının tətbiqinə 2015-ci büdcə ilindən başlanıb".

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 

O bildirib ki, iyulun 20-dən başlayaraq ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər arasında keçiriləcək beynəlxalq kimya olimpiadasına dünyanın bir çox ölkələrindən komandalar qatılacaq: “Bu yarışlarda Azərbaycan komandası da iştirak edəcək. Bu istiqamətdə son bir il ərzində xüsusi təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz xanım Paşayeva rəhbərlik edir. Həm təşkilatçılıq, həm də şagirdlərin akademik nailiyyətləri nöqteyi-nəzərdən biz böyük ümidlə və səbirsizliklə olimpiadanın başlanmasını gözləyirik. Çünki bir qayda olaraq belə olimpiadalarda istedadlı şagirdlər aşkarlanır”.

 

Mikayıl Cabbarov bölgələrdə, xüsusilə ucqar kəndlərdə ilk dəfə işə qəbul olunan müəllimlərin həvəsləndirmə tədbirlərinin davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və bu siyasətin davam etdirilməsi nəzərdə tutulub.

 

Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil məcburi buraxılış imtahanlarına daxil edilib. Burada əsas məqsəd xarici dilin öyrənilməsinə təkan verməkdir.

 

Qeyd edək ki, bu gün təhsil naziri Mikayıl Cabbarov nazirliyin nəzdində fəaliyyət göstərən idman məktəblərindən “Bakı-2015” I Avropa Oyunlarında uğur qazanmış idmançılarla görüşüb. I Avropa Oyunlarında sambo üzrə gümüş medal qazanan Amil Qasımov, sərbəst güləş üzrə bürünc medal qazanan Hacı Əliyev və idman gimnastikası üzrə bürünc medal qazanan Eldar Səfərova Təhsil Nazirliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Müəllif | Apa.Tv
Almaz Qasımova