İyulun 12-də paytaxtda “Bakı-2015” paradı olacaq
İyulun 12-də “Bakı-2015” Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.
APA TV-nin xəbərinə görə, sözügedən tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə həyata keçiriləcək.
“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı 2015” paradı baş tutacaq. Parad saat 20:00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.
“Bakı-2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək. “Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş konsert proqramı saat 21:00-da “Saat qülləsi”nin yanında başlayacaq və estrada ulduzlarımızın iştirakı ilə davam edəcək.