İki ay öncə azadlığa çıxdı, yenidən həbs olundu
Qax rayonunda əvvəllər məhkumluq həyatı yaşayan şəxs oğurluq edən zaman tutulub.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax şəhərinin Səməd Vurğun küçəsində yaşayan, 1977-ci il təvəllüdlü Laçın Bəhram oğlu Bayramov iyulun 9-da axşam saatlarında rayonun Qax İngiloy kəndində kənd sakini Yeganə Mustafa qızı İsmayılovaya məxsus evdə oğruluq edən zaman Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən elə hadisə yerində tutulub.
Əməliyyat nəticəsində Laçın Bayramovdan Yeganə Mustafayevaya məxsus evdən oğurladığı ev əşyaları maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Oğru saxlanılarkən ondan 3 ədəd ütü, bir ədəd maqnitofon, alüminium bidon və digər ev əşyaları maddi sübut kimi götürülüb. Laçın Bayramov hadisə vaxtı içkili olduğunu, əldə etdiklərini sataraq spirtli içki və siqaret almaq istədiyini bildirib.
Artıq saxlanılan şəxs barəsində Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan Laçın Bayramov əvvəllər də Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə bir dəfə məhkumluq həyatı yaşayıb. O, 3 il 6 ay məhkumluq həyatından sonra 2 ay öncə azadlığa çıxıb.