ABŞ ordusunun komandanı: "Polşa və Baltikyanı ölkələrə əlavə hərbi kontingent yeridiləcək"

ABŞ ordusunun quru qoşunlarının qərargah rəisi Rey Odierno ölkəsinin Rusiya ilə baş verə biləcək münaqişədə Avropadakı müttəfiqlərinə yardım edəcəyini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, bu barədə o,"Wall Street Journal"a müsahibə verib.

 

"Biz ümidvarıq ki, Rusiya vəziyyəti kritikləşdirmək niyyətində deyil, amma buna hər zaman hazır olmalıyıq" - deyə general əlavə edib.


Onun sözlərinə görə, əgər Moskva ilə NATO arasında hərbi qarşıdurma yaranarsa, ABŞ Polşa və Baltikyanı ölkələri meydanda tək buraxmayacaq, adı çəkilən ölkələrə əlavə hərbi kontingent yeridiləcək. Həmin hərbi heyətlər isə həm ABŞ-dan, həm də Avropanın alyansda təmsil olunan digər ölkələrindən göndəriləcək.


Rey Odierno hesab edir ki, ABŞ-ın Kolorado ştatındakı 4-cü quru qoşunları diviziyası Avropaya göndərilməsi üçün hazır vəziyyətə gətirilməlidir. Corciyadakı briqada isə bu diviziyaya əlavə olunmalıdır. General bu kontingenti tank birləşmələri və zirehli maşınlarla gücləndirməyi də təklif edib.

Müəllif | Apa.Tv
Apa.tv