Avropa Oyunlarının könüllülərinə təşəkkürnamələr təqdim olundu

“Formula-1" yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdır. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir”. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

APA TV-nin xəbərinə görə, nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina - "paddock" tikiləcək: “Komandalar, maşınlar gəlməlidir. Xüsusi texniki servis olunmalıdır. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdur”.

 

A.Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir.

 

Qeyd edək ki, bu gün Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı olub. İlk 50 könüllü gəncə təşəkkürnamələr gənclər və idman naziri Azad Rəhimovla təhsil naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunub.

 

Azad Rəhimov bildirib ki, Bakı-2015 I Avropa Oyunları zamanı ölkədə könüllülər mədəniyyəti yaranıb. Bu prosesdə minlərlə könüllü iştirak edib. Lakin bu gün burada 50 gənc iştirak edir: "Düşünürəm ki, siz burada minlərlə könüllü ordusunu təmsil edirsiniz. Prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva sizin əməyinizi yüksək qiymətləndirdilər. Sizə təqdim olunacaq təşəkkürnamələrdə Azərbaycanın iki əziz insanının imzası var. Bu, sizin əməyinizə verilən ən böyük qiymətdir. Biz bu işləri sizsiz bacara bilməzdik. Sizin köməyinizlə bu işləri həyata keçirdik”.

 

Azad  Rəhimov qeyd edib ki, gələcəkdə ölkədə keçiriləcək beynəlxalq idman yarışlarında da könüllülərin xidmətindən istifadə oluna bilər.

 

Təhsil naziri Mikayıl Cabbarov isə Bakı-2015 I Avropa Oyunlarının Azərbaycana böyük miras qoyduğunu deyib. O, bu prosesdə iştirak edən 17 mindən çox könüllünün 14 minin təhsil müəssisələrini təmsil etdiyini vurğulayıb və Təhsil Nazirliyi olaraq bu işə gələcəkdə də töhfə verməyə hazır olduqlarını deyib.

Tədbirdə könüllülər haqda hazırlanmış video-çarx nümayiş olunub.

 

Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi gələn həftə Prezident yanında Gənclər Fondu tərəfindən təqdim olunacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova