Azərbaycanın qiymətli kağızlar bazarında artım müşahidə olunur
Bakı Fond Birjasında ilin əvvəlinə nisbətən artım müşahidə olunub. Bu artım həm korporativ istiqrazlar bazarında, həm də dövlət istiqrazlar bazarında özünü göstərib. APA TV-nin məlumatına görə, hazırda özəl sektora məxsus qiymətli kağızların kotirovkası dövlət sektoruna məxsus qiymətli kağızlarla müqayisədə bir qədər artıb. İlk dəfə olaraq özəl sektorda qiymətli kağızlar üzrə əməliyyatlar 50 faizi keçib. Bakı Fond Birjası tərəfindən yeni listinq məsləhət proqramı da hazırlanır. Listinq məsləhət proqramı kapital bazarlarından maliyyələşmək istəyində olan şirkətlərə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.
Birjanın rəhbəri Əmin Muradovun sözlərinə görə, bu qurum tərəfindən növbəti 4 ilin strateji planı artıq təsdiq edilib. Planın əsasən 3 istiqamətdə həyata keçirilməsi nəzərdə tutulur. Bunlar ticarət infrastrukturunun təkmilləşdirilməsi, Bakı Fond Birjasının potensialının qüvvətləndirilməsi, qiymətli kağızlar bazarına özəl sektordan geniş maliyyə vəsaitlərinin yönləndirilməsidir.
“Bu sahədə biz, Bakı Fond Birjası olaraq yeni alətlər üzərində çalışırıq. Məqsəd investisiya vermək, Foreks bazarı əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Müxtəlif törəmə əməliyyatları şirkətlərə və investorlara təqdim etməyə hazırlaşırıq”.
İlin sonuna kimi investorların aktivliyinin daha da artacağı proqnozlaşdırılıb. Fond bazarında dinamikanın artacağı gözlənilir.