Srebrenitsada Serbiyanın baş nazirinə hücum edildi

Srebrenitsa soyqırımının 20-ci ildönümü münasibətilə Bosniya və Herseqovinada keçirilən anım mərasiminə qatılan Serbiyanın baş naziri Aleksandr Vuçiç hücuma məruz qalıb.

 

APA TV-nin xəbərinə görə, Vuçiç 20 il öncə yaxınlarını itirənlər tərəfindən etirazla qarşılanıb. Mərasimə qatılan bir qrup şəxs baş nazirə daş və şüşələr atıb.

 

Hadisənin ardından kiçik qarışıqlıq yaranıb. Serbiya baş nazirinin məzarlığın sonunda yerləşən avtomobillərə tərəf qaçaraq uzaqlaşdığı bildirilir.

 

Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində ən azı 8300 bosniyalı müsəlmanı qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır. Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun Srebneritsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib.

 

Elvin Bayramlı

Müəllif | Apa.Tv
Apa.tv