Ermənistanda girov saxlanan azərbaycanlı ailəsinə zəng edib
Avqustun 17-də Ermənistanın Gürcüstanla sərhəddində sərhədçilər tərəfindən girov götürülərək İrəvana aparaılan Gürcüstan vətəndaşı Allahverdi Pələngov ailəsinə zəng edib. Bu barədə APA TV-yə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məlumat verib. Onun sözlərinə görə, Pələngov ailəsi ilə saxlanılma şəraiti və vəkillə təminat barədə danışıb. Qeyd edək ki, hazırda Allahverdi Pələngovun hüquqlarının müdafiəsi ilə iki vəkil məşğuldur. Onlardan biri Gürcüstan dövləti tərəfindən təyin edilib, milliyətcə erməni olan digər vəkillə isə Pələngövun ailəsi müqavilə bağlayıb. Mahir Dərziyev girovun azad edilməsi istiqamətində Tiflislə İrəvan arasında danışıqların davam etdiyini deyib: “Allahverdi Pələngov hazırda təcridxanada saxlanır. İki ölkə arasında danışıqlar davam edir. Bu bir qədər həssas mövzudur. Gürcüstan dövləti yaxın zamanlarda vətəndaşının qaytarılmasına nail olmaq istəyir”.
Xatırladaq ki, Ermənistanda Allahverdi Pələngova qarşı sərhədi qeyri-qanuni və sənədsiz keçmək, həmçinin qaçaqmalçılq ittihamı ilə cinayətr işi başlansa da, sonradan ona qarşı irəli sürülən ittihamlardan biri artıq ləğv olunub. Mahir Dərziyev soydaşımıza qarşı qaçaqmalçılıq maddəsi ilə irəli sürülən ittihamın ləğv olunduğunu, Pələngpvun hazırda yalnız dövlət sərhədini qanunsuz keçməkdə ittiham edildiyini deyib.
Allahverdi Pələngovun əmisioğlu Ayaz Pələngov Ermənistan tərəfinin girov saxlanan şəxsin ailəsindən xasiyyətnamə istədiyini deyib. Sözügedən xasiyyətnamə artıq hazırlanaraq Ermənistana göndərilib. Xasiyyətnamənin hansı məqsədlə tələb olunduğu və İrəvana kimlə göndərildiyi isə hələlik məlum deyil.
Xatırladaq ki, Sadaxlı inzibati ərazi nümayəndəliyinə daxil olan Burma kənd sakini, 1969-cu il təvəllüdlü Allahverdi Pələngov Ermənistanla sərhəddəki neytral ərazidə qoyun otaran zaman sərhədçilər tərəfindən saxlanaraq İrəvana aparılıb.