AMEA jurnalistlərin Şamaxı Rəsədxanasına səfərini təşkil etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında “AMEA-nın sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində “Science Activity-2015” adlı yay məktəbi təşkil olunub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə 30-dan artıq media qurumundan 50-yə yaxın jurnalist iştirak edib. Layihənin keçirilməsində əsas məqsəd AMEA-nın və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaqdır.

 

Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan Namiq Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib.

 

Daha sonra jurnalistlərin Şamaxı Astrofizika Rəsədxanasına media turu təşkil olunub. Jurnalistlər rəsədxanada teleskopla səma cisimlərini müşahidə ediblər.

 

Yay məktəbinin ikinci günündə isə Mətbuat Şurasının Onlayn Media departamentinin rəhbəri Ellada Mustafayeva “Sosial media: ənənəvi medianın online mediaya inteqrasiyası” mövzusunda məruzə edib.

 

Qeyd edək ki, təlimin sonunda, AMEA Rəyasət Heyəti tərəfindən jurnalistlərə sertifikatlar təqdim olunub.

Müəllif | Apa.Tv