Avropa Oyunlarının könüllüləri Bakıda möhtəşəm yürüş keçirdi
İyulun 12-də Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, yürüş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilib. Yürüşdə 15 min könüllü iştirak edib.
Axşam saat 8-də Bayraq Meydanı yaxınlığından start götürən yürüş Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşıb.
MOK-un beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva bildirib ki, yürüşün məqsədi Azərbaycanın nümayəndə heyətinin qazandığı uğuru qeyd etməkdir: "Bu gün bizim idmançılarımız və könüllülərimiz burada bir daha ölkəmizin qələbəsini qeyd edəcəklər".
Qeyd edək ki, yürüşün təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsidir.
Yürüş proqramı Bakı bulvarında konsert proqramı ilə davam edib.