Sirus Təbrizli II Fəxri Xiyabanda dəfn edilib
Dünən dünyasını dəyişmiş tanınmış ictimai-siyasi xadim, publisist Sirus Təbrizli bu gün torpağa tapşırılıb. Mərhumla vida mərasimi Bilgəhdə yaşadığı bağ evində keçirilib. Vida mərasimindən sonra Suris Təbrizli II Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimində Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yeni Azərbaycan partiyasının sədr müavini Əli Əhmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, sabiq millət vəkili Şahlar Əsgərov, AMİP lideri Etibar Məmmədov, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər. APA TV-yə mərhumun Azərbaycanın ictimai-siyasi həyatında rolunu dəyərləndirən Şahlar Əsgərov onu qələminə hörmət edən jurnalist və ictimai xadim kimi xarakterizə edib, Sirus Təbrizlinin ötən əsrin sonlarında Azərbaycanda gedən milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olduğunu xatırladıb.
Artıq Siruz Təbrizlinin ölüm səbəbi də müəyyənləşib. Bu barədə APA-nın Şimal bürosuna Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi - Ekspertizası və Patoloji birliyinin Quba rayon şöbəsinin eksperti Çingiz İsgəndərov məlumat verib. Onun sözlərinə görə, Sirus Təbrizlinin meyitinin tibbi müayinəsi zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb. Müayinə zamanı mərhumun ürək qan-damar sistemində kəskin qan-damar çatışmazlığı aşkar edilib.
Qeyd edək ki, Sirus Təbrizli 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sirus Təbrizli Yeni Azərbaycan Partiyası qurucularından biri olub və uzun müddət partiya sədrinin müavini vəzifəsində çalışıb. O, bir neçə çağırış Milli Məclisin üzvü seçilib.