Lənkəranda Koreya Kinosu Festivalı keçirilir
Bu gün Lənkəran şəhərindəki Qəni Vəliyev adına Mədəniyyət Sarayında “Azərbaycanda Koreya Kinosu Festivalı” başlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, festivalın açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva və SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış edərək, Azərbaycan-Koreya mədəniyyətlərarası əlaqələrindən, bu cür tədbirlərin hər iki ölkə xalqlarının dostluq tellərinin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməsindən, həmçinin nümayiş etdiriləcək filmlər vasitəsilə Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımalarına şərait yaratmasından söz açıblar.
Daha sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl-gon tərəfindən lentə alınmış “Təkcə sən” bədii filmi təqdim olunub.
Qeyd edək ki, 6 iyul-15 avqust tarixləri arasında Azərbaycanın ölkənin 5 regionunda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın keçirilməsi planlaşdırılır. Lənkəran şəhərində keçirilən “Koreya Kinosu Festivalı” iyulun 19-a kimi davam edəcək.