Masallıda Azərbaycan milli mətbuatının 140 illiyi ilə bağlı regional konfrans keçirildi

Bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin icra hakimiyyəti başçısının müavinləri - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirləri, həmin rayonlarda buraxılan qəzetlərin redaktorları, paytaxtda fəaliyyət göstərən KİV-lərin rəhbərləri, ziyalılar və qocaman jurnalistlər iştirak ediblər. 

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransı giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib.

 

Daha sonra Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək, milli mətbuatımızın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırıb.

 

Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxış edib.

 

Tədbirdə həmçinin rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları çıxış edərək, region mətbuatının hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini dilə gətiriblər.

Müəllif | Apa.Tv