Azərbaycan prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur"

"Bu ilin 6 ayının nəticələri çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir". APA TV-nin xəbərinə görə, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəsində deyib.

 

Dövlət başçısı bildirib ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi isə 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri isə 6,2 faiz olub.  Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12, 6 milyard manat sərmayə qoyulub.

 

Çıxışında hazırda dünyanın müxtəlif yerlərində xoşagəlməz proseslərin müşahidə edildiyini, Yaxın Şərqdə toqquşmaların dayanmadığını, Avropanın dərin iqtisadi böhran içərisində olduğunu, bütün bunların da bizi düşünməyə vadar etdiyini deyən prezident İlham Əliyev ölkəmizin Avropa qurumlarına inteqrasiyası, həmçinin əməkdaşlığın formatı ilə bağlı fikirlərini də bölüşüb. "Azərbaycan bütün ölkələrlə və təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk" deyən prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqda  ölkəmizin milli maraqlarının əsas götürüldüyünü bildirib.

 

Prezident İlham Əliyev Ermənistandakı kriminal diktatura rejiminin öz xalqını əzdiyini və onların xalqın hesabına varlandığını qeyd edib. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş yoxdur və Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir. Maksimum dərəcədə bu məsələni uzatmağa çalışır.

  

Prezident İlham Əliyev Avropa Şurası PA-da  qəbul edilən qətnamədə münaqişə ilə bağlı əks olunan  bəndin də qərəzli olduğunu vurğulayıb: "Bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul ediblər. Qətnamənin mətnində məruzəçilər tərəfindən təyin edilmiş mətndə yazılmışdı ki, "Assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır". O cümləni götürüb dəyişirlər, yazırlar ki, "Assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur". Bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir".

 

Dövlət başçısı bildirib ki, Azərbaycana qarşı çirkin kampaniya aparılır, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu, daha da alovlanır. Bəzi riyakar Qərb siyasətçiləri, erməni pulları ilə özlərinə həyat quran konqresmenlər, senatorlar, islamofob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər. Bunun təməlində paxıllıq və bəd niyyət dayanıb: "Bu gün əfsuslar olsun ki, Avropada faşizm, irqçilik, islamofobiya, ksenefobiya, antisemitizm baş qaldırır. Yəni bu, təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə, müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələr var, onlar birləşib. Eyni zamanda Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları bizə qarşı hücuma keçiblər".

 

Prezident İlham Əliyev bildirib ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı informasiya müharibəsi ən şiddətli mərhələyə qədəm qoyub: “Ancaq bu informasiya müharibəsində Azərbaycan xalqı və dövləti qalib gəlib. Çünki bu kampaniya və bu kampaniyanın son mərhələsi bir daha göstərdi ki, bizim iradəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Birinci Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamə müzakirəyə çıxarılsa da, qəbul olunmadı. Almaniya Bundestaqında isə anti-Azərbaycan məzmunlu qətnamə qəbul edildi. Bu da bir daha ölkəmizin, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir: "Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır".

 

Prezident İlham Əliyev qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qətnamə də anti-Azərbaycan mövqeyini əks etdirir. Bu qətnamələrin heç bir əhəmiyyətinin olmadığını deyən ölkə başçısı bildirib ki, ikitərəfli formatda bizim Avropa ölkələri ilə problemlərimiz yoxdur: "Bir çox halda Avropanın aparıcı ölkələrinin liderləri ilə görüşlər əsnasında əlbəttə ki, bütün bu iradları deyirəm. Deyirlər ki, fikir verməyin. Biz fikir vermirik, əgər fikir versəydik, onların dediklərini edərdik. Burada heç kim onların dedikləri bir şeyi etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır, ona görə də heç kim onları heç vaxt icra etməyəcək. Bunu Azərbaycan xalqı da, eyni zamanda o çirkin yazıları tərtib edənlər bilsinlər. Azərbaycanla diktə dili ilə danışmaq olmaz. Azərbaycanla dost, tərəfdaş olmaq olar, biz buna hazırıq. Biz gələcəkdə bu istiqamətdə gedəcəyik".

 

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.

 

Yekun nitqində prezident İlham Əliyev ilin sonuna kimi iqtisadi artımın  yüksək templərini və makro-iqtisadi sabitliyin saxlanılması, dövlət investisiya proqramının, yeni informasiya proqramının, o cümlədən sosial layihələrlə bağlı işlərin görülməsinin vacibliyini bildirib.

 

Dövlət başçısı yaxın zamanlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını deyib. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsaitin ayrılacağını deyən prezident İlham Əliyev paytaxtda ekoloji problemlərin getdikcə aradan qaldırıldığını, I Avropa Oyunlarından sonra ölkəmizə turist axınlarının daha da sürətləndiyini bildirib. Turistlərə vizaların verilməsinin tezləşdirilməsinin, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınmasının vacibliyini vurğulayıb.

 

"Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi və bu oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi. Bu isə ölkəmizin gücünü və potensialını göstərdi" deyən dövlət başçısı bildirib ki, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanan idmançılarımız Azərbaycanın həm də idman ölkəsi olduğunu sübut etdilər və I Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi.

Müəllif | Apa.Tv