Netanyahu Qərb ölkələrini İranla razılaşmamağa çağırdı
İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrini və beynəlxalq vasitəçiləri İranla nüvə anlaşmasını imzalamamağa çağırıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu çağırışı hökumət başçısı öz Twitter səhifəsində fars dilində yazıb.
O bildirib ki, İslam Respublikasının nüvə silahı əldə etməsinə yol verilməməlidir. Onun sözlərinə görə, Tehran dəfələrlə İsraili yer üzündən silmək niyyətində olduğunu açıqlayıb. "Məhz buna görə İran tərəfi nəyin bahasına olursa-olsun, razılaşma əldə edilməsini istəyir. Bu isə terrorun da artmasına gətirib çıxaracaq. Biz olmasaydıq, İran çoxdan nüvə silahını əldə etmişdi. Yalnız biz illərdir bu təhlükənin önündəyik" - deyə baş nazir əlavə edib.
Netanyahu hesab edir ki, anlaşma əldə olunarsa, bu Tehrana "qırmızı xətt"i keçmək şansı verəcək. Tehran isə dəfələrlə nüvə proqramını sülh məqsədləri ilə zənginləşdirdiyini qeyd edib.