Rezidenturaya qəbul imtahanı başladı
İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 942-si qız, 355-i oğlandır. Rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.
Rezidenturaya qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Birinci mərhələnin imtahanı bu gün, ikinci mərhələnin imtahanı isə sentyabrın 10-da keçiriləcək.
Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunur. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.