“Bulla-dəniz” yatağındakı yanğının görüntüləri yayıldı

Azərbaycanın “Bulla-dəniz” yatağında baş vermiş yanğının görüntüləri yayılıb. APA TV-nin xəbərinə görə, görüntülərdə yanğının söndürülməsi üçün aparılan işlər də əksini tapıb. 

 

Yataqda yanğın avqustun 17-də başlayıb. Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatına görə, 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, quyu açıq qaz fontanına keçib və yanğın baş verib. Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıb. Yanğınsöndürən gəmilər tərəfindən quyu ağzında qoruyucu su pərdəsi yaradıldıqdan sonra hər biri 6 nəfərdən ibarət 2 operativ qrup özülə qalxaraq, tam təhlükəsiz şəraitdə çalışıb. Görülmüş işlərin nəticəsində quyudakı qazma avadanlığının ümumilikdə 20%-ə yaxın hissəsi demontaj olunaraq, özüldən gəmilərə yüklənib və sahilə çıxarılıb.

 

ARDNŞ-in və «Halliburton» şirkətinin «Boots&Coots» servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxıb, quyu ağzını təftiş ediblər. Xüsusi cihazlar vasitəsi ilə ölçü işləri aparılıb və quyudan çıxan qazın təqribən 2,5-3 mln. kubmetr/gün həcmində olması müəyyən edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı