Rövnəq Abdullayev Avropa Oyunlarında medal qazanan idmançılarla görüşdü
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı-2015 I Avropa Oyunlarında medal qazanan "Neftçi" İdman Klubunun idmançılarını qəbul edib.
APA TV-nin məlumatına görə, baş tutan görüşdə paytaxt təmsilçilərinin çıxışı yüksək qiymətləndirilib.
“Məşq etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadır. I Avropa Oyunlarında “Neftçi”nin idmançıları böyük uğur əldə etdilər. Qalib olub mükafat qazandınız. Amma bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısınız ki, 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu çıxış edəsiniz” - deyən Rövnəq Abdullayev bildirib ki, “Neftçi” İdman Klubunun idmançılarının göstərdiyi uğur qürurvericidir.
Eyni zamanda AFFA-nın da prezidenti olan Rövnəq Abdullayev futbolçularımızın da analoji uğuru qazanmasını arzuladığını bildirib.
Qeyd edək ki, I Avropa Oyunlarına 79 idmançı ilə qatılan “Neftçi İdman Klubu” 16 medal (6 qızıl, 5 gümüş, 5 bürünc) qazanıb.