Rövnəq Abdullayev: "Günah onların özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər"
"Biz Neft-Qaz və Neft Kimya Kompleksi layihəsinin tikintisini bir az gecikdirdik. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparmaqla onun ömrünü 2030-cu ilə qədər uzatmaq qərarına gəldik".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Rövnəq Abdullayev bildirib ki, bu məqsədlə ARDNŞ Mərkəzi Bankdan 1,2 mlrd. manata yaxın kredit cəlb edib: "Gələn ildən bu işlərə başlayacağıq ki, 2017-2018-ci ilə artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun həm tutumunu artıraq, həm də "Avro-5" standartlarına uyğun məhsul istehsal edək. Bununla yanaşı, altıya yaxın qurğunun tikilməsi ilə "Azerneftyağ" zavodunun işini dayandırmağa və o ərazinin boşaldılmasına nail olacağıq. Bununla da Bakı bulvarının ərazisi genişləndiriləcək".
ARDNŞ prezidenti onu da bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti Rusiyanın "Qazprom" şirkəti tərəfindən "AzMeCo"ya satılacaq qazın nəqlini təmin edəcək: "Bizim qaza ehtiyacımız yoxdur. Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi imzalamayıb. Ona görə də bizim o zavod üçün resursumuz yoxdur. Günah onların özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər".
R.Abdullayev qeyd edib ki, "AzMeCo"nun "Qazprom”dan qaz almasına etiraz etməyib. Bununla yanaşı, o bildirib ki, metanol istehsalçısının "Qazprom"dan qaz alması "normal haldır".