TQDK I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində -  ümumilikdə 47 binada aparılıb.

 

- "Oğlumu gətirmişəm imtahana. I qrupa imtahan verir. Orta səviyyədə hazırlaşıb. Yaxşı nəticə gözləyirəm. Bu üçüncü uşaq olmağına baxmayaraq, yenə həyəcanlıyam. O biri uşaqlarım ali təhsillidir, istəyirəm bu da ali təhsil alsın".

 

- "Oğlumu I ixtisas qrupu üzrə qəbul imtahanına gətirmişəm. Yaxşı nəticə gözləyirəm. Yaxşı hazırlaşıb. Həyəcanım yoxdur, ümid edirəm ki, yaxşı nəticə göstərəcək". 

 

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb. 

 

Çəkiliş apardığımız 158 saylı məktəbdə keçirilən imtahana 650 nəfər abituriyentin iştirakı gözlənilsə də, onlardan 17-si iştirak etməyib. Çəkiliş apardığımız binada isə  heç bir qayda pozuntusu ilə rastlaşmadıq.

 

İmtahan rəhbəri Canpolad Bayramov: "Buraxılış saat 9:00-dan başlayıb. Buraxılışı Xüsusi Dövlət Mühafizə xidməti həyata keçirib. Məzunlar heç bir əlavə vasitə keçirməyə cəhd etməyiblər. Bu ana qədər tərəfimizdən heç bir qayda pozuntusu aşkar edilməyib".

 

İmtahanın bitməsinə 1 saat qalmış isə artıq abituriyentlər zalı tərk edirdi. Onlardan  imtahanın necə keçdiyini öyrəndik.

 

- "Ürəyim istədiyi kimi yazmadım. Çünki hazırlaşmamışdım. Suallar normal idi. Oxuyan adam yaza bilərdi. Keçəcəyəm, amma istədiyim yerə keçməyəcəyəm.  Gəmiçilik Akademiyasını istəyirəm".

 

- "Yaxşı keçdi. Hamısına cavab yazdım. Hazırlaşmamışdım".

 

- "Suallara cavab yazdım hazırlaşmışdım. Ali Hərbi Akademiyaya qəbul olmaq istəyirəm".

 

- "I qrupa imtahan vermişəm. İqtisad Universitetini istəyirəm. Normal yazdım. Demək olar ki, hamısına cavab yazdım. Çox həyəcanlıyam, az qala yıxılacağam".

 

Qeyd edək ki, imtahanda ümumilikdə 26 920 abituriyentin iştirakı nəzərdə tutulub. Abituriyentlərdən 24 074 nəfəri Azərbaycan bölməsinin, 2846 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15 809 nəfəri oğlanlar, 11 111 nəfəri isə qızlardır. 26 200 nəfər orta ümumtəhsil məktəblərinin, 18 nəfər ali təhsil müəssisələrinin, 702 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 191 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1980-ci ildən, ən gənci isə 2000-ci ildəndir. İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova