Ekspert: "Azərbaycan iqtisadiyyatı rəqabətə davamlıdır"
Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən, Qlobal Rəqabətlilik İndeksinə görə qiymətləndirilən 148 ölkə arasında Azərbaycan 39-cu pillədə qərarlaşıb və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırıb. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı APA TV-yə deyib ki, ölkəmiz dünyanın ilk 40 ən güclü rəqabətə davamlı iqtisadiyyatı olan ölkələr sırasına daxil olmaqla bir sıra rekorda imza atıb. İlk növbədə Azərbaycan Şərqi Avropada ən çox rəqabətə davamlı iqtisadiyyat qurmağa nail olub. Bu rəqabət indeksi MDB-də də, Türk Cümhuriyyətləri arasında da birinci yeri tutur.
Azərbaycan rəqabətlilik indeksinə görə 2010-cu ildə 57-ci, 2011-ci ildə 55-ci, 2012-ci ildə isə 46-cı yerdə idi.
Vüsal Qasımlı hesab edir ki, ölkəmizin dünyanın sənayecə inkişaf etmiş 7 ən güclü dövlətlərindən biri olan İtaliyanı, eyni zamanda İran ,Türkiyə, Rusiya kimi iqtisadiyyatı illərcə formalaşmış dövlətləri üstələməsi Azərbaycanın uğurudur: "Azərbaycanın uğur qazandığı sahələr makroiqtisadi mühitdir. Ölkəmiz makromühit iqtisadi indeksinə görə, dünyanın 148 ölkəsi arasında 8-ci yedədir. Əmək bazarı effektivliyi göstəricisinə görə 148 ölkə arasında 30-cu, İnnovasiya və texniki hazırlıq səviyyəsinə görə isə 51-ci yerdə qərarlaşıb".
İqtisadçı ekspert deyir ki, bu gün Azərbaycan təkcə neft sektorunda deyil, eyni zamanda qeyri-neft sektorunda da inkişaf edib. Son 3 il ərzində Azərbaycanın qeyri neft sektorunun inkişafı ilik 10 faiz həddə olub ki, bu da ölkəmizdə qeyri neft sektorunu inkişafının artmasını əyani şəkildə göstərir.
Ermənistanın bu siyahıda 79-cu yerdə qərarlaşmasına gəlincə, Vusal Qasımlı hesab edir ki, Ermənistanın öz gücünə qalsa, siyahının son pillələrində yer tutar.
Ermənistana maddi dəstək verən Rusiyanın reytinq cədvəlində 64-cü yerdədir.