“Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Avropa Oyunları zamanı xaricdən təsirlərə qarşı mübarizədə Azərbaycan mətbuatı böyük iş görüb. İdeoloji müstəvidə işğalçı Ermənistana, eləcə də Azərbaycana qarşı olan digər xarici dairələrə münasibətdə mətbuatımız böyük işlər aparmaqdadır”.
APA TV-nin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkil etdiyi “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda yazı müsabiqəsinin yekunları ilə bağlı keçirilən tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyib ki, mətbuatda mili-mənəvi dəyərlərin qorunması mövzusuna geniş yer ayrılması vacibdir. O, informasiya texnologiyalarının inkişaf etdiyi bu dövrdə mili-mənəvi dəyərlərin qorunmasının mühüm vəzifə olduğunu bildirib.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov sovet dövründə Ağdam şəhərində məscidin fəaliyyət göstərdiyini xatırladıb: “Sovet dövründə o məscidə gedib, Quranın altından keçirdik. Milli və mənəvi dəyərlər bir-biri ilə qarşılıqlı əlaqədədir”.
Daha sonra müsabiqənin qalibləri açıqlanıb. Qaliblərə pul mükafatları ilə bərabər Quran və Heydər Əliyevin mili-mənəvi dəyərlərlə bağlı çıxışlarının yer aldığı kitab hədiyyə edilib.