Obama: "Suriya məsələsini Putinlə bərabər həll edəcəyik"
"Mən Rusiya prezidentinin telefon zəngindən məmnun qaldım. Bunun səbəbi Vladimir Putinin Suriyadakı vəziyyəti birgə müzakirə etmək təklifi idi". APA TV-nin məlumatına görə, Ağ Ev rəhbəri bunu "The New York Times"a açıqlamasında bildirib.
"Düşünürəm ki, artıq onlar da Əsəd rejiminin Suriyanın böyük bir ərazisinə nəzarəti əldən verdiyini anlayırlar. Həmin bölgələrdə isə terrorçuların daha da aktivləşməsi çox böyük təhlükələrdən xəbər verir. Məhz bu fakt bizə imkan verir ki, məsələ ətrafında ciddi danışıqlara başlayaq" - deyə ABŞ prezidenti qeyd edib.
Bundan əlavə, Barak Obama İranla nüvə danışıqlarında uğurlu nəticənin əldə olunmasında Rusiyanın pozitiv rolunu yüksək dəyərləndirdiyini qeyd edib. "Rusiyanın dəstəyi böyük oldu, bunu bütün səmimiyyətimlə deyirəm". O, daha sonra etiraf edib ki, bunu əvvəlcədən gözləmirdi, çünki Ukrayna məsələsi fonunda Moskvanın və Vaşinqtonun münasibətlərində kəskinlik var.