Tiflisdə bina partladı: ölənlər var
Tiflisin Qldani massivinin 6-cı rayonunda, yaşayış binasının ikinci korpusunda güclü partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, 8 nəfər də yaralı var. Hazırda həkimlər vəziyyətləri daha ağır olan iki nəfərin həyatını xilas etmək üçün çalışırlar.
Tiflis şəhər fövqəladə hallar departamentinin direktoru Zviad Katsaşvili jurnalistlərə açıqlamasında xilasedicilərin axtarışı davam etdirəcəklərini bildirib. "Partlayış iki dəfə olub və yaşayış binasına ciddi zərər dəyib. Bizim gecə vaxtı işləmək üçün işıqlandırma sistemimiz var və birinci mərtəbədən 4-cü mərtəbəyədək işıqda işləmək imkanımız olacaq” - deyə o qeyd edib.
Xatırladaq ki, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.