Saatlı sakinindən külli miqdarda narkotik vasitə götürüldü
Saatlı sakinindən külli miqdarda narkotik vasitə olan çətənə kolları aşkar edilərək götürülüb.
Saatlı Rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, "Xaşxaş-2015" şərti adı altında keçiriləm növbəti əməliyyat tədbiri zamanı rayonun Qaranuru kənd sakini Sahibəli Rüstəmov şübhəli şəxs qismində saxlanılıb.
Buna səbəb onun yaşadığı həyətyanı sahəyə baxış keçirilərkən 93 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilməsidir. Sahibəli Rüstəmovun həyətindəki yaşayış mənzilindən 2 litrlik balona qablaşdırdığı qurudulmuş halda olan narkotik tərkibli bitki və 18 ədəd kibrit qutusuna satış məqsədilə qablaşdırılmış narkotik tərkibli bitki də götürülərək sənədləşdirilib.
Tutduğu əməlindən peşman olduğunu deyən Sahibəli Rüstəmov ev tikmək üçün belə bir cinayətə əl atdığını bildirib: "Kasıb adamam. Ailə böyük, iş yox, heç nə yox. Fikirləşirdim ki, əkim, özümə ev tikmək istəyirdim..."
Hal şahidlərinin iştirakı ilə aşkar edilən çətənə kolları kisələrə qablaşdırılaraq polis şöbəsinə aparılıb. Faktla bağlı Saatlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.