Erməni kəşfiyyatçının apellyasiya şikayəti təmin olunmadı

Bu gün Gəncə Apellyasiya Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

 

Hakim Teyyub Muxtarovun sədrlik etdiyi qapalı prosesdə yekun qərar qəbul edilib. Bildirilib ki, A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 11 maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Həmin maddələrdən 8 maddə xüsusi ilə ağır cinayətlər, 3 maddə isə ağır cinayətlər kateqoriyasına aid olub.

 

Hakim Teyyub Muxtarov deyib ki, məhkumun müdafiəsinin apellyasiya şikayətində hökmdə onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması və ona təyin edilən cəzanın yüngülləşdirilməsi xahiş olunub: “Məhkəmə kollegiyasının iclasında işin bütün halları hərtərəfli tam obyektiv araşdırılıb və müəyyən edilib ki, birinci sanksiya məhkəmə tərəfindən Arsen Baqdasaryana kifayət qədər humanist münasibət göstərilib və onun törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyinin bu qədər ağır olmasına baxmayaraq, ona maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədlərdə cəza təyin edilib”.

 

Teyyub Muxtarov işin bütün bu hallarını nəzərə alan və araşdıran məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlaması, eyni zamanda apellyasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul etdiyini bildirib.

 

Qeyd edək ki, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Müəllif | Apa.Tv
Apa.tv