Vətəndaşlar prezidentin son çıxışını necə qiymətləndirir? - SORĞU

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra mesajlar verdi. Bu mesajlar ölkənin həm daxili, həm də xarici siyasətinə aid idi. Dərmanların və aviabiletlərin qiymətindən tutmuş, Avropa Şurası ilə münasibətlərə qədər.

 

Prezident çıxışında diqqəti bir daha dərmanların qiymətinə yönəltdi. Bildirdi ki, İlin sonuna qədər dərmanların qiymətləri kəskin şəkildə aşağı düşməlidir.

 

Maraqlıdır, görəsən, vətəndaşlarımız prezidentin son çıxışını necə qiymətləndirir?

 

- Prezidentin dedikləri hamısı düz iradlardır. Dərmanlar keyfiyyətsizdir, həm də çox bahadır. Gedirsən həkimə, resept yazır, deyirlər get, ancaq filan aptekdən al. Böyük ümidlə gözləyirik ki, prezidentin göstərişindən sonra qiymətlər ucuzlaşacaq.

 

Prezidentin narazılıq bildirdiyi digər məsələ aviabiletlərin və otellərin qiymətlərinin bahalığı oldu. Dövlət başçısı bununla da bağlı müvafiq tapşırıqlarını verdi.

 

- Qiymətlər az olsa, ölkəyə turist axını çox olacaq. Bu isə daha çox gəlir əldə etmək deməkdir. Xaricdə yaşayanlar Azərbaycana gəlmək istəyəndə öyrənirlər ki, burada qiymətlər çox bahadır. Ona görə də gələ bilmirik.

 

- Bilet almaq istəyirdik, dedilər ki, bir az gözləyin. Bu yaxın günlərdə biletlərin qiyməti ucuzlaşacaq.

 

- Mən istəmişəm Türkiyəyə gedim, amma o qədər baha olub ki, bilet pulu. Ona görə gedə bilməmişəm.

 

- AZAL-da qiymətlərin aşağı düşməsinin birinci xeyri olacaq ki, ölkə vətəndaşları xarici ölkələrə gedir, onlar daha ucuz gedə biləcəklər. Eyni zamanda daxili turizm də inkişaf edəcək. Ölkəyə gələnlərin sayında artım olacaq.

 

- Gürcüstanda biletlər ucuzdur. Tbilisi-Riqa bileti 235 manatdır, amma bizdə 475 manatdır. İnanmaq lazımdır ki, biletlərin qiymətində eniş olacaq.

 

Prezident İlham Əliyev çıxışında Vergilər Nazirliyinin də fəaliyyətinə toxundu.

 

- Prezidentin göstərişini biz də qəbul edirik. Vergi xidməti sahibkarlara heç olmasa ayaq üstə durmağa imkan yaratsın. İnanırıq ki, prezidentin qarşıya qoyduğu məsələlər və görüləcək tədbirlər, eyni zamanda prezidentin mənəvi dəstəyi sahibkarı daha da ruhlandıracaq. Azərbaycan sahibkarlığın inkişafında yeni-yeni uğurlar qazanacaq.

 

- Mən özüm sahibkar kimi fəaliyyət göstərirdim, mağaza işlədirdim. Amma o qədər yoxlamalar oldu ki, axırda qapısını bağlayıb ləğv elədim. Vergi ödəyirdim, amma qanunsuz vergi də istəyirdilər. Elə olub ki, kassa aparatına 360 manat haqq yazıblar. Deyiblər ki, siz yaxşı işləyirsiniz, ona görədir.

Müəllif | Apa.Tv