Təhsil Nazirliyində milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbir keçirildi

Bu gün Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün rəhbərlik etdiyi qurum media ilə fəal şəkildə əməkdaşlıq edir: “Bir həftədən sonra Azərbaycan Milli Mətbuatının 140 illiyi tamam olacaq. Qarşıdan gələn bu mühüm bayram münasibətilə bütün jurnalistləri təbrik edirəm. 22 iyulda Həsən bəy Zərdabini yad etməmək qeyri-mümkündür. Həmçinin Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər maarifçilərimizi də qeyd etmək istəyirəm”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının maarifçilik ənənələri əsasında yarandığını söyləyib.

 

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə bağlı mükafat üçün onlara 800-dən çox müraciətin daxil olduğunu əlavə edib.

 

Tədbirdə Təhsil Nazirliyinin internet saytının - www.edu.gov.az-ın yeni versiyasının təqdimatı da keçirilib.

 

Sonda Təhsil Nazirliyi tərəfindən təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb. Mükafatlandırılanlar arasında "APA Holding"in əməkdaşları da var.

Müəllif | Apa.Tv
Apa.tv