Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalandı
Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
APA TV-nin məlumatına görə, imzalanma mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, Milli Məclis jurnalistlərdən razıdır, lakin hərdən narazı qaldıqları cəhətlər də var. Narazılıq doğuran cəhətlər informasiyaların, xüsusən qanunlarla bağlı informasiyaların düzgün verilməməsi, qeyri-dəqiq çatdırılması ilə əlaqədardır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Milli Mətbuat Günü təkcə jurnalistlərin bayramı deyil, bütövlükdə Azərbaycan xalqının bayramıdır. Çünki hər bir xalqın ictimai-siyasi həyatında mətbuatın böyük rolu var.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda söz, fikir azadlığı ilə bağlı kifayət qədər geniş qanunvericilik bazası formalaşdırılıb.
Daha sonra Milli Məclis adından Nizami Cəfərov, Mətbuat Şurası adından qurumun sədri Əflatun Amaşov memoranduma imza atıblar.