Siyəzəndə mağaza partladı

Siyəzən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kvadratmetr olan mağazada yanğınla nəticələnən partlayış baş verib.

 

APA TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə mağazada olan 40 litrlik qaz balonundan ikisi partlayıb, mağazanın bir divarı uçub və yanar konstruksiyaları yanıb.

 

Mağazada olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Mağazanın sahibi, 1969-cu il təvəllüdlü Atakişiyev Sadiq Mühü oğlu müxtəlif yanıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona üzün və hər iki qolun birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.

 

Hadisənin səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv