Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində milli mətbuatın 140 illik yubileyi ilə bağlı konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə əlaqədar konfrans keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın görkəmli alimi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən 140 illik inkişaf yolunun hər birimizdə qürur hissi doğurduğunu vurğulayıb.
Onun sözlərinə görə, Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli fərmanı ilə ölkəmizdə KİV üzərində senzuranın aradan qaldırılması Azərbaycanda ümumən demokratik islahatlar prosesində mühüm addımlardan biridir.
Azərbaycan prezidenti İlham Əliyevin eyni zamanda ölkə KİV-lərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan Səlim Müslümov milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması barədə dövlət başçısı tərəfindən sərəncamın imzalanmasını bu diqqət və qayğının növbəti ifadəsi kimi dəyərləndirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin nazirliyin fəaliyyət sahələrinə dair məlumatlar əldə etmələrində, müvafiq sorğularına cavab almalarında hər hansı çətinliklə üzləşmədiklərini, nazirliyin rəsmi saytında məlumatların gündəlik yenilənməsinin təqdirəlayiq olduğunu bildirib.
Konfrans Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi islahat tədbirlərini və orqanlarının fəaliyyətini obyektiv işıqlandıran bir qrup jurnalistin mükafatlandırılması ilə yekunlaşıb.