QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistləri təbrik etdi
Bu gün Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, hazırda Azərbaycanda mətbuatın azad fəaliyyəti üçün bütün şərait yaradılıb. O, Şura və mətbuat arasında sıx əməkdaşlıq olduğunu vurğulayıb.
Şuranın sədri Azay Quliyev Azərbaycan mətbuatının yaranma tarixi və inkişaf mərhələlərindən danışıb. O qeyd edib ki, 140 il ərzində mətbuat uğurlu və şərəfli bir yol keçib: “Təsadüfi deyil ki, ”Əkinçi” qəzeti milli şüurun formalaşmasında mühüm rol oynadı və mətbuatın sonrakı inkişafına böyük töhfələr verdi”.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimov isə çıxışında Həsən bəy Zərdabinin fəaliyyətindən danışaraq, onun “Əkinçi” qəzetini təsis etməklə Azərbaycan mətbuatının təməlini qoyduğunu vurğulayıb: “Bu gün çox sevindirici haldır ki, mətbuatımız inkişaf edir, jurnalistlərə diqqət və qayğı göstərilir. Mən hesab edirəm ki, mətbuat bu gün ölkəmizin qazandığı çoxsaylı uğurlara şərikdir”.
Sonda mətbuatın 140 illiyi ilə bağlı KİV nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar sırasında “APA Holding”ə daxil olan APA TV-nin, APA və Lent.az İnformasiya agentliklərinin əməkdaşları da olub.