Qubada milli mətbuatın 140 illiyi münasibətilə regional konfrans keçirildi
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.
APA TV-nin şimal bürosunun məlumatına görə, konfransı giriş sözü ilə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açaraq, mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov isə təkcə paytaxtda deyil, regionlarda da jurnalistlərin fəaliyyəti üçün münbit şərait yaradıldığını söyləyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışında bu tədbirin Qubada keçirilməsinin təsadüfi olmadığını, ilk regional qəzetin məhz Quba rayonunda fəaliyyətə başladığını diqqətə çatdırıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də Azərbaycanda jurnalistlərə göstərilən dövlət qayğısından danışıb.
Tahir Süleymanov sonda mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından bəhs edərək, qaldırılan təkliflərə münasibətini bildirib.